|
Azərbaycanın aparması zəruri olan Elektron İnformasiya Müharibəsi (EİM) haqqında
Azərbaycanın aparması zəruri olan Elektron İnformasiya Müharibəsi (EİM) haqqında
problemlər və perspektivlər
Etibar Axundov, IKT üzrə mütəxəssis
İnformasiyanın sahibi, dünyanın sahibidir... Bəşər tarixi informasiya müharibəsi tarixidir... Xaricilər göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz...Dəyirman öz bildiyini edir, çax-çax baş ağrıdır?
Preambula İnformasiyanın sahibi, dünyanın sahibidir... İnformasiya müharibəsi kimi bizə məlum olan anlam, özündə məlumatın toplanması, saxlanması, emalı və yayımlanması kimi İnformatikanın əsasları olsalarda, əsasən dövlətin, ölkənin, millətin informasiya təhlükəsizlik məsələlərinə xidmət edir. Bu gənc dövlətlər üçün daha aktualdır. Çünkü belə dövlətlər ölkə daxilində müxtəlif məsələlri (mədəni, etnik, dini və s.) tam həll etməyiblər. Bunların həlli istiqamətində atılan addımlar isə uyğun olaraq ölkə xaricindən yönəlmiş, müxtəlif geosiyasi məqsədlərə xidmət edən Elektron İnformasiya Müharibəsi(EİM) elementlərinin müqaviməti ilə üzləşir. Bir çox mühüm ümummilli layihələr bu səbəbdən ya realizə oluna bilmir, ya da təhrif olunmuş şəkildə realizə olunur. Bu isə gənc dövlətin müstəqillik istiqamətində inkişafına ciddi maneə və təhlükədir. Son 50 il ərzində EİM digər ənənəvi informasiya müharibəsi elementlərini kölgədə qoymuşdur. Vaxtilə kitab, qəzet, jurnal kimi kağız informasyia daşıyıcıları indi demək olar ki, İnformasiya Müharibəsi elementləri kimi öz əhəmiyyətini itirib. Yüzmin tirajla çap olunan bu kağız məmulatların effektiv təsir imkanları çox azdır. Bu informasiya vasitələri yalnız məhdud sahələrə yayımlanmaqla yanaşı əsasən ölkə daxili üçün nəzərdə tutulub. Bunu nəzərə alan bir çox xarici ölkələr kağız məmulatların elektron variantlarını yaratmışlar və bu sahədə ciddi işlər gedir. Məsələn ABŞ-ın elə bir qəzeti yoxdur ki, onun internet səhifəsi olmasın. Televiziya peyk rabitəsi vasitəsilə artıq qlobal informasiya vasitəsinə çevrilməklə yanaşı artıq EİM-in əsas elementlərindən biri olmuşdur. Amma bu sahənin kifayət qədər ciddi problemləri var. Yerli xarakterli televiziya və radio yalnız daxili istehlakçıya yönəlib və EİM-də çəkiysi çüzidir. Kompüter texnologiyaların geniş inkişafı – xüsusilə qlobal informasiya şəbəkələrinin yaradılması (xüsusilə İnternetin) EİM sahəsində ciddi dəyişikliklər etdi. İndi məhz qlobal şəbəkələr vasitəsilə yayımlanan informasiya EİM-in əsasın təşkil edir. Bu məqalədə biz məhz qlobal şəbəkəsində EİM-i araşdıracağıq. EİM-in əsas elementləri məqalənin 2-ci bölümündə araşdırılır. İnformativ xarakteri daşıyan bu məlumatlar verməklə biz EİM-in imkanlarını daha dolğun şəkildə oxucuya çatdırmağa çalışırıq. EİM sahəsində ölkəmizdə olan vəziyyət 3-cü bölmədə araşdırılır. Burada ənənəvi və öz aktuallığını itirmiş məsələlərə toxunmaqla yanaşı, bir çox streotiplərin keçərsizliyi göstərilir. Və nəhayət sonuncu 4-cü bölmədə Azərbaycanda EİM-lə bağlı konkret hansı zəruri işlərin görülməsi haqda fikirlər gedir. Düşünürük ki, bu məqalə Azərbaycanın EİM-lə bağlı bir çox məsələlərin həllinə yardımçı olacaq. EİM sahəsində dünya təcrübəsi Bəşər tarixi informasiya müharibəsi tarixidir... İnformasiya müharibəsinin vacibliyinin nə qədər vacib olduğunun sübuta ehtiyac yoxdur. Əgər diqqətlə məlumatlar araşdırılsa bəşər tarixi informasiya müharibəsi tarixidir. Yəni yalnız bu sahədə qələbə əsl qələbə hesab oluna bilər. Zor gücünə əldə olunmuş qələbə müvəqqəti xarakter daşıyır və gec-tez məğlubiyyətə çevrilir. Qılınc gücünə dünyanı ələ keçirmiş fatehlərin imperiyaları haqda yalnız məlumatlar qalmışdır. Qılınc və ictimai şüuru dəyişən informasiya müharibəsinin əsasın təşkil edən ideolgiyanın birgə fəaliyyəti uzun müddətli qələbələrə yol açmışdır. Dünyanın bir çox ölkələri bu həqiqətə əsaslanaraq öz dövlətlərinin/ölkələrinin/millətlərinin informasiya təhlükəsizliyini təmin etmişlər. Müdafiə və eyni zamanda hücum xarakteri daşıyan informasiya müharibəsi(son 50 ildə isə Elektron İnformasiya Müharibəsi) yaradılması və inkişafı bir çox dövlətlərin strateji layihəsinə çevrilmişdir. İM sahəsində kifayət qədər güclü olan dövlət iqtisadi/hərbi cəhətcə özündən qat-qat güclü olan dövləti/ölkəni/milləti diz üstə çökdürə bilər. Bu imkanlar son illərdə daha da güclənmişdir. EİM-in tətbiqi ilə 50 il bundan qabaq həlli mürəkəb olan bir çox məsələləri çox asanlıqla həll etmək olur. Demək olar ki, dünya dövlətlərində müxtəlif institutların elektron vasitələrə qoşulması tamamlanmış və ya tamamlanmaq üzrədir. Bu dövlətin idarəedilməsi sahəsində müəyyən üstünlüklər versədə, eyni zamanda təhlükəsizlik nöqteyi nəzərdən problemlər yaradıb. Əhalinin elektron vasitələrin istifadəçisinə çevrilməsi prosesi artan xətlə gedir və yaxın vaxtlarda öz apogeyinə çatacaq. Bütün bunlar EİM-in effektiv tətbiqinə şərait yaradır. Hal-hazırda EİM-in tətbiq sahələrinin bəziləri: - geosiyasi maraqları olan dövlətlərlə mücadilə sahəsi;
- ölkə vətəndaşlarının informasiya təminaiı sahəsi;
- müharibə vəziyyətində olan dövlətlərlə mücadilə sahəsi;
- beynəlxalq iqtisadi/siyasi/hərbi/mədəni layihələrə təsir sahəsi.
Bu sahələr özlərində bir çox məsələləri saxlayır. Bu məqalə ümumi xarakter daşıdığı üçün, biz bunların yalnız birini “müharibə vəziyyətində olan dövlətlərlə mücadilə sahəsi”ni bir qədər araşdıraq. Fikirlərimizi daha aydın izah etmək üçün ABŞ-ın İraqla bağlı apardığı EİM-in bəzi görünən elementlərini nəzərdən keçirək: - İraq müharibəsi vaxtı İraq rejiminin Avropa və Amerikadan aldığı bir çox yüksək elektron silahlar yararsız vəziyyətə düşdü və istifadəyə yaramadı. Məsələn, Fransanın “Miraj” təyarələri havaya qalxmaqdan “boyun qaçırdılar”...
- Birinci İraq müharibəsindən dərhal sonra İraqla bağlı informasiya və dezinformasiya dünya KİV-nin aparıcı mövzusu oldu. İraq rejimi dünya ictimaiyyətinə anti-demokratik, anti-humanist kimi təqdim olunmaqla yanaşı, İraqın hərbi potensialı haqda (nüvə, kimyəvi, bioloji silahları və bu silahların daşıyıcılar haqda) bir çox hallarda dezinformasiya xarakterli məlumatlar kağız və elektron KİV-lərin aparcı mövzusuna çevrildi.
- Bu məlumatların inandırıcı olması üçün ABŞ özünün müxtəlif strateji-analitik mərkəzlərindən geniş istifadə etdilər. Bu mərkəzlərin səyləri nəticəsində həqiqətə uyğun olmayan məlumatlar həqiqət donu geydi.
- KİV-də (əsasən elektron KİV-də) gedən EİM İraq rejiminin məhvinin zəruriliyi ilə bağlı ictimai sifariş yaratdı. Bu sifarişin təkrar emal olunub, sünü şəkildə yayımlanması ictimai sifarişi daha da gücləndirdi.
- İraq rejiminin bütün gizli bank hesabları ABŞ-ın hakerləri tərəfindən müəyyən olundu. Bu gizli hesablar haqda məlumatlar məxfi olmasına baxmayaraq, bu hesablar və ordakı maliyyə dövriyyələri haqda ələ keçirildi. Müharibə ərəfəsində bu hesablar donduruldu və ya təxrib olundu.
- İraq rejiminin diplomatik yazışmaları, sənədləri, gizli layihələri və s. uyğun olaraq nəzarətə götürüldü. Bu məlumatlar müharibə ərəfəsində və sonra ABŞ hərbi/kəşfiyyat/diversiya qrupları tərəfindən geniş istifadə olundu.
- İraqda etnik, dini/məzhəbi qarşıdurmanın əsası məhz müharibədən xeyli əvvəl başlamışdı. Düşmən mövqedə duran etnik, dini/məzhəbi psevdo-iraq resursları yaradıldı, və ya mövcud olanlar maliyyələşdirildi. İraq cəmiyyətinin ciddi şəkildə parçalanma prosesi məhz belə elektron vasitələrin yaranmasından sonra daha da gücləndi. ABŞ bu sahələrə maliyə ayırmalarını heç gizlətmirdə.
Bununla yanaşı ABŞ-ın İraq əleyhinə apardığı EİM-nin görünməyən elementlərinin olması mümkündür. ABŞ İraqı EİM sahəsində tam məğlub edəndən sonra, öz hərbi əməliyyatlarına başladı. Bunlar EİM-in nə qədər ciddi bir məsələ olduğunu göstərmək üçün kifayətdir. EİM-in çox ucuz başa gəlməsi hətta kiçik və iqtisadi/siyasi cəhətcə zəif bir dövlətin ciddi EİM layihəsinini realizə etməsinə imkan verir. Bu layihənin realizasiya üçün ən əsas problem - mütəxəssis problemidir. Azərbaycanın bu sahədə kifayət qədər kadrlarının olmasını nəzərə alaraq əminliklə deyə bilərik ki, Azərbaycan EİM layihəsini tam realizə etmək iqtidarındadır. Azərbaycanda EİM-in vəziyyəti Xaricilər göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz... Şimali Azərbaycan uzun illər SSRİ-nin tərkibində olduğu üçün onun İnformasiya müdafiəsini sovet dövləti təmin edirdi. SSRİ-nin dağılması (ABŞ EİM sahəsində SSRİ-yə tam qələbə çalandan sonra), Azərbaycanın müstəqillik əldə edəndən sonra EİM böyük bir problem kimi irəli çıxdı. Azərbaycan 1988-ci ildən erməni təcavüzünə məruz qalmışdır. Vətənimizin böyük bir hissəsi işğal olunmuş, on minlərlə vətəndaşımız vəhşicəsinə öldürülmüş, şikəst olmuşdur. Milli tarixi abidələrimiz məhv edilmiş, iqtisadiyatımıza çoxmilyardlı ziyanlar vurulmuşdur. Keçən bu dövrdə Azərbaycan öz haqq səsini dünyaya çatdıra bilməmişdir. Bu yaxınlarda Naxçıvanda erməni abidələrilə bağlı Avropa Məhkəməsinin çıxartdığı qərar tragi-komik, heç bir sağlam düşüncəyə sığmayan, paradoksal hal daşıdığı bizim hamımıza məlumdur. Bu bizim EİM sahəsində ciddi geriliyimizin ölçüsü kimi götürülə bilər. Xocalıdakı sadist üsullarla şəhid edilmiş vətəndaşlarımızı dünyaya erməni genosidi kimi təqdim edilməsini heç kommentariya etmək olmur... Azərbaycan dövlətinin EİM sahəsində zəruri olan addımları atmamağı nəticəsində biz indi çox ciddi problemlərlə üzləşmişik. Torpaqları gec-tez azad etməliyik. 2-ci Qarabağ savaşının başlaması gündəmdədir. Bu vətən müharibəsinin tam qələbəsi yalnız EİM-də tam qələbədən sonra ola bilər. Azərbaycanın EİM sahəsində müəyyən irəliləyişləri olsa da, bu zəruri tələbi ödəmir. EİM sahəsində bu günə qədər görülmüş işlərin böyük qismi əsasən fərdi xarakter daşıyıb. Azərbaycan vətənpərvərləri öz gücləri daxilində bu EİM sahəsində müəyyən işlər görmüşlər. Erməni təbliğat maşınının zərərsizləşdirlməsi istiqamətində bu vətənpərvərlərin yaratdıqları İnternet resurslar müəyyən rol oynamışlar və bu istiqamətdə Azərbaycana xidmətlərini davam etməkdədirlər. Dövlət və cəmiyyətin maliyyə və mənəvi dəstəyini almayan Azərbaycan internet resursları fəaliyyətlərində ciddi problemlərlə üzləşirlər. Domen və hostinqin saxlanması illik xərclər 100$ və daha yuxarı olur. Bəzi hallarda Azərbaycan vətənpərvərləri bu xərclərin öhdəsindən belə gələ bilmirlər. Misal üçün http://armenianlies.com (erməni yalanları) saytına baxmaq olar. Bu saytın domen/hostinq xərcləri ödənmədiyi üçün satışa çıxarılmış və ermənilər tərəfindən alınmışdır. İndi orda ləyaqətsiz məlumatlar yerləşdirilir. Mən burada bu resursların yaradılması, aparılması üzrə xərclərin adını çəkmirəm. Çünkü Azərbaycana xidmət edən həqiqi vətənpərvər zəhmətinin müqabilində haqq istəmir. Birinci olaraq ona Azərbaycan resursunun domen/hostinq xərclərində yardım etmək kifayətdir. Son illər Azərbaycan dövlət strukturlarının EİM-in ayrı-ayrı elementlərinə maraqları artmışdır. Amma bu sahədə bu strukturların fəaliyyəti daha çox ekstensiv xarakter daşıyır. Erməni terroru və təcavüzü ilə bağlı yüksək zövqlə tərtib olunmuş kitabların, SD-disklərin buraxılması dövlət strukturlarının son vaxtlar gördüyü əsas işlərdəndir... Amma bu ənənəvi üsullarla, hətta bu üsullara 1000 dəfə artıq maliyə vəsaitlər buraxılsa belə - nəticədə ciddi fərq etməyəcək. Bu İM-in ekstensiv formasıdır və tezliklə belə üsullardan əl çəkmək lazımdır. Peyklə yayımlanan televiziya sahəsində də işlər qənaətbəxş deyil. ANS televiziyasından başqa Azərbaycan tele-şirkətləri imkanlarından istifadə etmirlər. Ölkənin içərsinə və xaricinə daha çox əyləncə xarakteri daşıyan verilişlər yayımlanır. Elə bil 20% torpağımız işğal olunmayıb, insanlarımız cəbhə xəttində şəhid edilmir, ümumiyyətlə erməni təcavüzü yoxdur? Özlərini özəl tele-şirkət bilən televiziya sahiblərinin yadına salmaq istəyirik ki, onlar birinci növbədə Azərbaycanlıdırlar və Azərbaycanın maraqları onların fəaliyyətinin ana xətti olmalıdır. Yoxsa bu tele-şirkətlərin əsas fəaliyyəti xalqın əxlaqının pozulmasına yardım etmək və millətimizi manqurtlaşdırmaqdır? Son vaxtlar digər tele-şirkətlərdə müəyyən işlər görülməyə başlayıblar, amma bu çox azdır – fəaliyyətlərini genişləndirmələri zəruridir. Peyk imkanlı tele-şirkətlər qlobal yayım xarakter daşıdığı üçün, EİM-lə bağlı zəruri dövlət nəzarəti mexanizminin yaradılmasına ehtiyac var. EİM-lə bağlı Azərbaycanda görüləsi zəruri işlər Dəyirman öz bildiyini edir, çax-çax baş ağrıdır? EİM-lə bağlı zəruri layihələrin hazırlanması və yerinə yetirilməsi vaxtı çoxdan çatıb. İlk növbədə EİM sahəsində strateji layihələrin hazırlanması və bu işlərə ümumi rəhbərlyi öz üzərinə götürəcək yeni dövlət strukturunun tezliklə yaradılması və fəaliyyəti zəruridir. Yaradılması vacib olan dövlət strukturu aşağıdakı sahələrdə: - geosiyasi maraqları olan dövlətlərlə mücadilə sahəsi;
- ölkə vətəndaşlarının informasiya təminaiı sahəsi;
- müharibə vəziyyətində olan dövlətlərlə mücadilə sahəsi;
- beynəlxalq iqtisadi/siyasi/hərbi/mədəni layihələrə təsir sahəsi.
fəaliyyət göstərməlidir. Amma belə strukturun təcili yaradılması üçün ölkə Prezidentinin şəxsən bu işi nəzarətə götürməsi vacibdir. Əks təqdirdə EİM layihəsi dövlətin bürokratik aparatında itə-bata düşəcək ya da konyektur maraqlar əsasında həll olunacaq. Bu isə Azərbaycanın real EİM əldə etmək imkanlarını sıfıra bərabər edəcək. Dünyada mövcud təcrübəni araşdırsaq onun 2 müstəvidə: dövlət və ictimai müstəvilərdə fəaliyyətini görə bilərik. EİM-ə nəzarət edəcək dövlət strukturu hər iki müstəvidə vahid layihələrin hazırlanması, yerinə yetirilməsinə nəzarətlə yanaşı, vətənpərvər mövqedən çıxış edən fiziki və hüquqi şəxslərə maddi/texniki yardım etmək məqsədilə yaradılmalıdır. Bu strukturu yaradarkən kadrların seçilməsi məsələsi önə çəkilməlidir. Korporativ maraqlar əsasında yaradılmış struktur Azərbaycan üçün çox vacib olan bir məsələyə deyil, tamam başqa məqsədlərə xidmət edə bilər. Müstəqillik əldə edəndən sonra keçən illərdə ölkədə baş verən bir çox hadisələr bunu deməyə əsas verir. Mənbə: “QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH” 5-ci elmi-əməli konfransının MATERİALLARI (2006-cı il)
|