|
Müasir təhsil sistemləri. Problem və perspektivlər
Müasir təhsil sistemləri. Problem və perspektivlər
Etibar Axundov, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF), departament rəhbəri
 Bu silsilə məqalələr SBİİYF “Məşvərət” bülleteninin 29 – 35 №-da (İyul, 2000 – Yanvar, 2001) çap olunub. Uzun müddət keçməsinə baxmayaraq bu məqalələrdə qaldırılan bir çox məsələlər öz aktuallığını itirməyib...
Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsili, strateji üstün sahə elan edir və ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edir. Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra təhsil sistemində islahatların aparılması zəruriyyəti ortaya çıxdı. Sizə təqdim olunan bu məqalədə dünyanın bir çox ölkələrində gedən təhsil islahatları haqqında informatik məlumatlar verilməklə yanaşı, təhsil sahəsindəki problemlərin obyektiv səbəbləri açıqlanır və mövcud təhsil böhranının aradan qaldırılması üçün atılan zəruri addımlardan da danışılır. Bizə elə gəlir ki, bu məqalədə açıqlanan müəyyən fikirlər ölkəmizdə gedən təhsil islahatları ilə məşğul olan dövlət və qeyri-dövlət qurumları üçün maraqlı ola bilər. 1. Preambula Təhsil, insanın həyat və əmək sahəsində sistemləşdirilmiş bilik, bacarıq və davranışları əldə etməsidir. Hər bir dövlətin gələcək inkişafı onun təhsil sistemindən mütənasib şəkildə asılı olub daimi diqqət tələb edir. Belə ki, bu gün məktəblərimizdə (ibtidai, orta, peşə, ali peşə və s.) təhsil alan şagird və tələbələr sabah müxtəlif sahələrin aparıcı mütəxəssislərinə və rəhbərlərinə çevriləcəklər. Bu gün bu şagird və tələbələrə verilən bilik, bacarıq və davranışların real səviyyəsi, bir neçə onillikdən sonra ölkəmizin ümumi səviyyəsinin göstəricisi olacaqdır. Təhsil əsasən 2 hissədən – təlim və tərbiyədən ibarətdir. Bunlar arasında nisbət konkret tarixi dövrlə, sosial institutların səviyyəsi ilə müəyyən olunmuşdur. Bəşəriyyətin yarandığı ilk dövrlərdən başlayaraq orta əsrlərin başlanğıcına qədər, təhsil tərbiyə xarakteri daşıyırdı. Orta əsrlərdən başlayaraq iqtisadiyyatın inkişafı, coğrafi kəşflər, dövlətin qanun dayaqlarının inkişafı, elmi inkişaf, istehsalda yeni texnika və texnologiyaların tətbiqi və digər sosial institutların əmələ gəlməsi və inkişafı təhsilin təlim qolunun inkişafına səbəb oldu. XIX əsrdən başalayaraq təhsildə mövcud texnokratik meyllər[1] təhsil sistemində insan tərbiyəsi sahəsində çox böyük problemlər yaratdı. Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə təhsil sistemində islahatlar aparılmasının zəruriliyi ortaya çıxdı. Təhsilin: - keyfiyyətinin artırılması,
- beynəlmiləlləşdirilməsi,
- idarəetmə mexanizmlərinin yaradılması,
- kadrların hazırlanması və attestasiya mexanizmlərinin yaradılması
təhsil sahəsində aparılacaq islahatların əsas istiqamətləri olub, təcili tədbirlərin görülməsini tələb edir. Təhsilin keyfiyyəti Dünyadakı təhsil və onun problemləri bütün ölkələr üçün eyni deyil. Belə ki, YUNESKO təhsili ölkələrin sənayeləşdirilmə səviyyəsinə görə 3 kateqoriyaya ayırır: - sənayeləşdirilməmiş ölkələrin təhsil sistemi;
- sənayeləşdirilən ölkələrin təhsil sistemi;
- sənayeləşdirilməsi qurtarmış ölkələrin təhsil sistemi.
Bu cür bölgünü təbii qəbul etmək olar, çünki məhz yüksək texnologiyaların yaradılması, idxal və ixracı, istismarı və b. məsələlər yüksək təhsil səviyyəsi tələb edir. Ölkənini sənayeləşdirilməsi və təhsil sisteminin inkişaf etdirilməsi paralel aparılmalıdır. Bu zaman təhsil sistemi səviyyəsininin ölkənin digər sosial institutlarının inkişaf səviyyəsindən bir addım irəli olmasına çalışmaq lazımdır. Ümumiyyətlə, hər hansı bir ölkənin sosial institutlarının gələcək inkişafı elm – təhsil – istehsal üçlüyü arasında əlaqə zəncirlərinin möhkəmliyi və elastikliyindən çox asılıdır. Keçmiş SSRİ-nin tənəzzülünün əsas səbəblərindən biri kimi bu üçlük arasındakı əlaqə zəncirinin zəif olması və böhranlı anlarda qırılması ilə izah etmək olar. Azərbaycan dünyada öz karbohidrogen yataqları ilə məşhur olmaqla yanaşı, uzun illər neftçıxarma və neft emalı sənayesi sahəsində əldə etdiyi elmi-texnoloji nailiyyətlərlə tanınırdı. Keçmiş SSRİ-nin neft - maşınqayırma və neft emalı sənayesinin əsas müəssisələri Azərbaycanda yerləşmişdi, Azərbaycan Neft və Kimya İnstitutu (indiki Neft Akademiyası) dünyanın bu sahədə ən aparıcı elm-təhsil ocaqlarından biri idi. Yuxarıda qeyd etdiyimiz elm – təhsil – istehsal üçlüyü arasındakı əlaqələrin getdikcə zəifləməsi nəticəsində Azərbaycan 80-ci illərdən başlayaraq neft kimi strateji sahədə elmi-pedoqoji-texnoloji üstünlüyünü itirməyə başladı. Azərbaycan müstəqillik əldə edəndən sonra karbohidrogen yataqlarımızın istismarı üçün lazım olan zəruri neft avadanlıqlarının olmaması və ya keyfiyyətinin aşağı olması səbəbindən bu yeni avadanlıqları xaricdən baha qiymətə almağa məcbu olduq. Bundan başqa bu avadanlıqları quraşdırmaq, istismar etmək üçün lazım olan yüksək səviyyəli mütəxəssisləri xarici ölkələrdən dəvət etdik. «Dünyanın neft akademiyası[2] »nın bugünkü vəziyyəti yalnız təəssüf hissi doğurur... İnkişaf etmiş ölkələrdə təhsil sahəsində əsas problem təlim və tərbiyənin keyfiyyət dərəcəsinin yüksəldilməsi olduğu halda, üçüncü dünya ölkələrinin bir çoxunda kütləvi savadsızlığın aradan qaldırılması olmuşdur. İnkişaf etmiş ölkələrdə sosial institutların gələcək inkişafının bir başa keyfiyyətli təhsillə bağlı olması elan edilir. Məsələn, Yaponiya hökumətinin illik hesabatlarının birində deyilir: «...Yaponiya öz yeni texnologiyalarının inkişafını təhsilin daha yüksək səviyyəsində və ölkənin yeganə sərvəti olan yapon xalqının intellektual səviyyəsinin artmasında görür. Bütün bunlar yapon iqtisadiyyatının mövcudiyyətinin və inkişafının əsasıdır». Təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı problemlərinin həlli müxtəlif beynəlxalq təşkilatlar tərəfindən də tələb olunur. NATO-nun müəyyən qurumları son illər ümumtəhsil, peşə və ali ixtisas məktəblərinin hazırladığı şagird və tələbələrin təhsil səviyyələrinin qaldırılması ilə əlaqədar aparılan bir çox təhsil proqram və layihələrini maliyyələşdirir. Bu zaman bu hərbi-siyasi birliyə daxil olan ölkələrdə təhsilin beynəlmiləl xarakter daşımasını, standart proqramların hazırlanmasını, təhsilin səviyyəsinin yüksəldilməsini əsas vəzifə kimi qoyurlar. Hələ 60-cı illərin sonunda bu meyli hiss edən fransız pedaqoqu A.Veksler yazır: «Hərbi xarakter daşıyan təşkilatın təhsil problemlərinə maraqlarını belə izah etmək olar ki, ümumtəhsil məktəblərini bitirmiş hərbi çağırışçı gənclərin səviyyələrinin aşağı olması yeni hərbi texnikadan səmərəli istifadə etməyə mane olur». Təhsilin hər iki qolunun (təlim və tərbiyə) keyfiyyət göstəricilərinin qaldırılması ilə bağlı YUNESKO, YUNİSEF və digər bu kimi beynəlxalq təşkilatlar müxtəlif tədbirlər proqraqramları hazırlayır və maliyyələşdirir. Üçüncü dünya ölkələrinin bir çoxunda sosial institutların zəif inkişafı təhsil səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Bu ölkələrdə yüksək ixtisaslı mütəxəssislərin yarıdan çoxunu xaricilər təşkil edir[3] . Əməkləri ucuz qiymətləndirilən yüksək ixtisaslı yerli mütəxəssislərin yerinə xarici ölkələrdən dəvət olunmuş «bahalı» mütəxəssislərə üstünlük verilir[4] . Bunun əsas səbəbini biz təhsilin keyfiyyət dərəcəsinin aşağı olmasında görürük. «İntellektual» peşələrin sayı durmadan artmaqdadır və kütləvi xarakter daşıyır. Məsələn, vaxtilə kompüter operatoru peşəsi yalnız məhdud sayda mütəxəssislər tərəfindən əldə olunduğu halda, indi hər bir ali təhsilli mütəxəssisin kompüter «operator peşəsi»nə yiyələnməsi zəruridir[5] . İstehsalın yeni sahələrində fəhlələrin təhsil səviyyəsinin texniki-mühəndis heyətinin səviyyəsinə yaxınlaşması tələb olunur. Bu isə öz növbəsində: - icbari təhsilin minimal səviyyəsinin artırılmasını;
- səməərəli təlim-tərbiyə proqram və metodlarının hazırlanmasını;
- pedaqoji kadrların hazırlıq səviyyəsinin yeni tələblər əsasında qurulmasını, mövcud kadrların ixtisasının vaxtaşırı artırılmasını;
- məktəbin (məktəbəqədər, ibtidai, natamam orta, peşə, ali peşə) maddi-texniki bazasının və normal fəaliyyəti üçün zəruri iqtisadi mexanizmlərin yaradılmasını və bununla bağlı normativ-hüquqi sənədlərin hazırlanmasını və s. tələb edir.
Təhsilin səviyyəsinin artırılması təmayülü «elitar» təhsilin «kütləvi» təhsilə çevrilməsini və gənclərin böyük bir hissəsinin ali təhsil almasını tələb edir. Bu isə öz növbəsində başqa problemlər törədir. Çünki təhsilin kəmiyyət ölçüləri (təhsil müəssisələrinin, pedaqoq və tələbələrin sayı və s.) təhsilin inkişaf səviyyəsinin göstəricisi ola bilməz. Təhsil müddətinin uzadılması, pedaqoq və tələbələrin sayının artırılması sonsuz olaraq davam edə bilməz. Halhazırda inkişaf etmiş ölkələrində təhsil sistemi «doymuş məhlul»a bənzəyir. Təhsilin sisteminin ekstensiv yolla inkişaf etdirilməsi qarşıya daha böyük problemlər çıxarır. Belə ki, təhsil sisteminin ekstensiv inkişafı bir çox hallarda təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Bunun üçün inkişaf etmiş ölkələrdə «funksional savadsızlar»ın sayının artmasını göstərə bilərik. Belə ki, bu «funksional savadsızlar»ın demək olar ki, hamısı 8-9 illik icbari təhsil almışlar. Lakin inkişaf etmiş ölkələrdə təhsil səviyyəsinin aşağı düşməsi təmayülü hiss olunan kimi ölkənin bütün sosial institutları «həyəcan təbili» çalır[6] . Funksional savadsızlıq bütün inkişaf etmiş ölkələrin təhsilində ən böyük problemlərdən biridir. Aydındır ki, Azərbaycanda da tam savadsız və funksional savadsızların miqdarı kifayət qədər çoxdur və artmaqda davam edir. Bunların miqdarını müəyyən etmək üçün müəyyən sorğuların aparılmasına ehtiyac var. Təhsilin beynəlmiləlləşdirilməsi Avropada təhsilin «beynəlmiləlləşməsi» prosesi gedir. Bu əsasən Avropa ölkələrinin inteqrasiyası ilə əlaqədar olub, təbii xarakter daşıyır. 1949-cu ildə yaradılmış Avropa Şurasının əsas məqsədi humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinə yardım etməkdir: təhsil sahəsində beynəlxalq konvensiyaların hazırlanması, konfransların, seminarların, ekspertlərin yığıncaqlarının təşkili, təhsil və mədəniyyətlə bağlı informatik materialların yayılması və s. Avropa Şurasına daxil olan ölkələrin təhsil sistemləri bir-birindən köklü surətdə fərqlənir. Müxtəlif Avropa ölkələrində təhsil sistemlərindəki mövcud idarəetmə, maliyyələşdirmə, proqram, dərslik, metodika və digər sahələrdə fərqlər tədricən aradan qaldırılmaqdadır. Bu ölkələrin inteqrasiyası təhsil sistemlərinin də inteqrasiyasını tələb edir. Təhsil sahəsində geri qalmış ölkələrə həm beynəlxalq, həm də şuranın digər inkişaf etmiş ölkələri müxtəlif növ yardımlar edirlər (məsələn, İtaliyaya edilən maliyyə yardımları). Təhsilin səviyyəsinin bütünlükdə qalxması və eyniləşdirilməsi Avropa Şurası təşkilatı qarşısında ən əsas vəzifələrdən biri kimi elan olunur. İşçi qüvvəsinin ölkələrarası miqrasiyası və transmilli sənaye komplekslərinin yaradılması peşə təhsili səviyyəsinin eyniləşdirilməsini tələb edir. Avropa ölkələrində peşə təhsili köklü surətdə bir-birindən fərqlənir. Məsələn, Fransanın mərkəzləşdirilmiş təhsil sistemində peşə təhsili müəssisələrində dərs yükünün 30%-dən çoxunu ümumtəhsil proqramları tutduduğu halda, Almaniyada peşə məktəblərinin böyük qisminin özəl bölməyə aid olması ilə bağlı olaraq, ümumtəhsil proqramlarına ayrılan vaxt minimum təşkil edir. Avropa ölkələrində təhsilin inteqrasiyasının qarşısını alan səbəblərdən biri də «dil» problemidir. 19-cu əsrdə fransız dili beynəlxalq dil statusu daşıdığı halda, indi ingilis dili birinci sıraya çıxmışdır. Avropa ölkələrinin bir çoxunda bir neçə dövlət dilinin olması[7] əlavə problemlər əmələ gətirib. Bəzi ölkələrdə xarici dilləri icbari öyrənmək sahəsində müəyyən addımlar atılıb. Məsələn, Fransa hökuməti öz ərazisində mövcud olan şirkətlərdən tələb edib ki, öz əmək haqqı fondunun 1,2%-ni xarici dili öyrənməyə ayırsın. Azərbaycan Avropa və Asiya sərhədlərində yerləşmişdir. Biz daha çox «avropalı» olmağa çalışırıq. Azərbaycanın Avropa Şurasına daxil olması ölkəmizdə gedən təhsil islahatlarının məhz avropa standartları çərçivəsində aparılmasını tələb edir. Azərbaycanın geostrateji vəziyyəti, maddi sərvətləri, intellektual insan ehtiyatlarının və s. olması bizim ölkəmizi Avropa üçün «maraqlı» edir. Son illər ölkəmizdə təhsil islahatlarını aparmaq üçün dünya maliyyə institutları tərəfindən ayrılmış kreditlər və qrantlar bunu bir daha sübut edir. Lakin bununla yanaşı, onu da qeyd etməliyik ki, təhsil dövlət siyasətinin əsas hissələrindən bir olub, daim diqqət mərkəzində olmalıdır. Keçmiş SSRİ-də təhsil sistemi kommunist ideologiyası əsasında yaradılıb və bu ideologiyaya xidmət edirdi. Bu təhsil sistemində milli və regional maraqlar öz əksini tapmamışdı. Bəşəriyyətin təhsil sahəsində əldə etdiyi bir çox mütərəqqi ideyalar «burjua ideyası» kimi damğalanır və mövcud təhsil sistemində öz yerini tuta bilmir - «sinfi mübarizə» süzgəcindən keçmirdi. Keçmiş SSRİ-nin yalnız ərazisi deyil, onun təhsil sistemi də «dəmir pərdələr» arxasında idi. İmperiyanın dağılması ilə əlaqədar «kommunist təhsil sistemi» öz özüllərini itirməyə başladı və Azərbaycana miras qalmış təhsil sistemi aşağıdakı problemlərlə üzləşdi: - dövlət təhsil sistemini mərkəzləşdirilmiş qaydada idarə edə bilmədi;
- təhsildə bərabərlik prinsipləri pozuldu;
- keçmiş iqtisadi əlaqələrin dağılması nəticəsində bir çox peşələr və «elmlər» öz aktuallığını itirdi;
- bazar iqtisadiyyatına keçidlə əlaqədar müasir texnologiyaların yaradılması və tətbiqi ilə əlaqədar yeni təhsil proqramlarının yaradılması, təhsil sistemində struktur dəyişikliklərin edilməsi mümkün olmadı;
- təhsil sisteminin 80-ci illərdən əsası qoyulmuş ekstensiv inkişaf meylləri daha da gücləndi[8] ;
- Təhsil müəssisələrinin maddi-texniki təminatı, pedaqoqların sosial müdafiəsi dövlət tərəfindən tam təmin edilmədi və təhsil sisteminin inkişaf etdirilməsi üçün lazım olan yeni sosial-iqtisadi mexanizmlər yaradılmadı və s.
Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası prosesi labüddür. Bununla yanaşı, keçmiş səhvlərin təkrarı yolverilməzdir. Yəni Azərbaycanda təhsil islahatları apararkən milli mənafelər nəzərə alınmalıdır. Təlim məsələlərində (ayrı-ayrı fənlərin tədrisinin plan və proqramlarında, yeni metodların yaradılmasında) Avropa ölkələrinin əldə etdiyi müsbət təcrübə müəyyən araşdırmalardan sonra ölkə təhsil sisteminə tətbiq oluna bilər. Təhsilin tərbiyə məsələlərində milli özünüdərk və dövlətçilik prinsipləri önə çəkilməlidir. Yüksək vətəndaş mövqeli insanların yetişdirilməsi təhsil sisteminin əsas vəzifəsidir. Dinin dövlətdən ayrılması, «...təhsilin elmi-dünyəvi xarakter daşıması[9] » və digər bu kimi prinsiplərin həyata keçirilməsi təhsildə ateist tərbiyəsinin əsas olduğunu xarakterizə edir. Bu prinsiplər orta əsr Avropasında formalaşmışdır. Belə ki, Avropada din inkişafın müəyyən mərhələsində böyük bir maneəyə çevrildi. Xüsusilə təhsil sistemində din amilinin olması onun inkişafı üçün problemlər yaratdı. 200 il keçəndən sonra dinsizləşdirmə siyasəti təhsildə və ümumilikdə cəmiyyətdə daha böyük problemlər – narkomaniya, əxlaqsızlıq, oğurluq, qətl və digər qeyri-humanist hərəkətlərin əmələ gəlməsinin əsas səbəblərindən biri oldu. İndi bir çox ölkələrin ümumtəhsil məktəblərində fakültətiv qaydada olsa da belə, dini humanizm ideyaları təbliğ olunur. Müqəddəs kitablardakı yüksək səviyyəli əxlaqi prinsiplərin olması onları bir çox təhsil ocaqlarının diqqət mərkəzinə çevirmişdir[10] . Biz bununla ümumtəhsil məktəblərində hər hansı dini ehkamların tədrisini nəzərdə tutmuruq. Bütün bunları deməkdə məqsədimiz ondan ibarətdir ki, təhsil islahatlarının əsas vəzifələrindən biri olan təhsilin humanistləşdirilməsi, şagird və tələbələrdə yüksək insani və əxlaqi keyfiyyətlərin formalaşdırılması işində biz üzümüzü müqəddəs kitablarda olan daimi həqiqətlərə doğru çevirməliyik. Təhsilin humanistləşdirilməsi məsələləri ilə bağlı geniş tədqiqat və metodoloji vəsaitlərə böyük ehtiyac var. >>> "Müasir təhsil sistemləri. Problem və perspektivlər" silsilə məqalələrin tam mətnləri [1] Təhsilin texnokratik inkişafı tərəfdarlarının fikrincə, elm və texnikanın inkişafı istehsal sahəsində yeni texnologiyaların yaranmasına səbəb olmaqla yanaşı, dövrün tələblərinə cavab verən yeni insanın formalaşdırılmasında ən əsas rol oynayır. [2] Uzun illər neft və neftlə bağlı sahələrdə aparıcı elmi-pedaqoji kadrlara malik olan Azərbaycana verilən ad. [3] Nigeriyada 60%, Sudanda 70%, Zambiyada 80%. [4] Bu meyl Azərbaycanda da özünü göstərir. [5] Fərdi kompüterlərin əmlə gəlməsi və insan fəaliyyətinin bütün sahələrinə sirayət etməsi nəticəsində bir çox «elitar» kompüter peşələri kütləvi xarakter daşımağa başladı. [6] YUNESKO-nun 1978-ci ildə təhsil sahəsində statistikanın standartlaşdırılması mövzusunda müəyyən etdiyi normativ aktda savadlı dedikdə «... öz gündəlik həyatı haqqında sadə mətni yazıb-oxumağı bacaran, yazdığını və oxuduğunu anlayan...» başa düşülür. Bu xüsusiyyətlərə tam malik olmayanlar savadsız, qismən malik olanlara funksional savadsız deyilir. YUNESKO-nun bu normativ aktı KİV vasitəsilə yayılandan sonra ABŞ-ın məşhur qəzetlərindən biri olan “Krisçen Sayens Monitor” bir neçə ay sonra bu meyarlar əsasında ölkədə 23 milyon “funksional savadsız”ın olmasını elan etdi. [7] İrlandiyada irland və ingilis dili, Lüksemburqda fransız və alman, Belçikada niderland və fransız, İsveçrədə alman, fransız və italyan dilləri. [8] Belə ki, ABŞ-da təhsil sahəsində işləyən bir mütəxəssisə – 20 şagird/tələbə, Türkiyədə – 30 şagird/tələbə, Avropanın bir çox ölkələrində – 25 şagird/tələbə düşdüyü halda, Azərbaycanda 1 təhsil işçisinə – 7 şagird/tələbə düşür. [9] Azərbaycan Respublikasının «Təhsil qanunu», 2-ci maddə [10] İnternet şəbəkəsi ilə yayılmış «Amerikanın dini landşaftı» elektron jurnalında ABŞ-ın bir çox tanınmış şəxsləri təhsil müəssisələrində tərbiyə məsələlərində dini humanizm ideyalarından istifadə etməyi məsləhət görürlər. Bu istiqamətdə ABŞ prezidenti B.Klintonun məqaləsi daha çox diqqəti cəlb edir.
|